"Xocalı Soyqırımı" "Akkord Steel Construction Company" MMC-də anıldı 25.02.2017

         “Akkord Steel Construction Company” MMC-nin Xırdalan metal konstruksiyalar zavodunda “Xocalı Soyqırımı”na həsr olunmuş tədbir keçirildi. Tədbir zamanı iştirakçılar Xocalı Soyqırımına aid foto-sərgi ilə tanış oldu və “Xocalı soyqırımı”nı əks etdirən filmə baxdılar. Tədbiri giriş sözü ilə “Akkord Steel Construction Company” MMC-nin direktoru Eyvaz Həsənov açdı. Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.          
             Öz çıxışında direktor Eyvaz Həsənov 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə Xocalıda erməni hərbiçiləri tərəfindən xüsusi amansızlıqla və ağılasığmaz vəhşiliklə törədilmiş soyqırım haqqında geniş məlumat verdi. Xocalı soyqırımı zamanı 613 nəfərin amansızlıqla qətlə yetirildiyini, 1000 nəfərdən çox müxtəlif yaşlı dinc sakinin aldığı güllə yaralarından əlil olduğunu, 8 ailənin tamamilə məhv edilyini, az yaşlı uşaqlara və qadınlara qarşı edilmiş amansız vəhşilikləri xüsusi qeyd etdi.
            Baş mühəndis Orxan Məmmədov isə öz çıxışında ermənilərin törətdiyi bu cinayətlərin nəticəsində  bu gün doğulub boya başa çatdığı ata-baba yurduna həsrət qaldığını bildirdi. Çıxışı zamanı bu cinayətin cəzasız qalmamasını və Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməli olduğunu da xüsusi vurğuladı.  
          Daha sonra  İctimaiyyətlə əlaqələr və marketinq - satış üzrə mütəxəssis Elvin Babayev Xocalı Soyqırımı haqqında öz fikirlərini söyləyədi. Əsirlər boyu ermənilərin məkirli siyasəti nəticəsində azərbaycanlıların soyqırımlara, deportasiyalara məruz qaldığını bildirən Elvin Babayev azərbaycanlıların başına gətirilmiş bu cür hadisələrin dünya birliyinə çatdırılmasında gənclərin də üzərinə ən böyük məsuliyyət düşüdüyünü qeyd etdi.  
            Anım mərasimində “Akkord Steel Construction Company” MMC-nin keyfiyyət üzrə böyük mühəndisi Qurban Məmmədov Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini və həmin döyüşlər zamanı şəhid olmuş qəhrəmanlar haqqında danışdı.         
           Tədbir “Akkord Steel Construction Company” MMC-nin digər əməkdaşlarının “Xocalı Soyqırımı” haqqında söylədikləri fikirlərlə başa çatdı.