SOCAR-ın rəhbər heyəti Akkord Steel Construction Company MMC-nin Xırdalan Metal Konstruksiyalar zavodunda qonaq oldu.

 “Akkord Steel Construction Company” MMC-nin ən müasir standartlara uyğun şəkildə yenidən qurulmuş və 2015-ci ilin sonlarından etibarən istehsala başlayan Xırdalan Metal Konstruksiyalar Zavodu özünün çoxçeşidli və keyfiyyətli məhsul istehsalı potensialı ilə diqqət mərkəzindədir.

2016-cı il martın 17-də dünyanın ən böyük milli neft şirkətlərindən olan SOCAR – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndə heyəti zavodun istehsal imkanları ilə tanış olmaq üçün müəssisəyə gəlib. ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılovun başçılıq etdiyi geniş nümayəndə heyəti zavodun inzibati binasının qarşısında “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş direktoru Göksel Aybek, “Akkord Steel Construction Company” MMC-nin direktoru Mustafa Məmmədov və digər rəhbər şəxslər tərəfindən qarşılanıb. Bundan sonra 5,5 ha sahədə yerləşən zavod qonaqlara təqdim olunub. 

Müəssisənin Metal-konstruksiya istehsalı, əritmə və fasad-üzlük istehsalı sexlərində yerləşdirilmiş ABŞ, Türkiyə, Almaniya istehsalı olan müasir avadanlıqlar, həmçinin bu avadanlıqlar vasitəsilə istehsal edilən hazır məhsullar qonaqlara nümayiş etdirilib, hər bir avadanlığın konkret istehsal imkanları barədə müfəssəl məlumat verilib. Qonaqlar hər üç sexdə istehsal olunan ayrı-ayrı məhsulların keyfiyyət göstəriciləri ilə yaxından tanış olublar. Zavodla əyani tanışlıq müəssisənin müasir sərgi-konfrans salonunun təqdimatı ilə yekunlaşıb.   

Nümayəndə heyətinin rəhbəri Mikayıl İsmayılov Xırdalan Metal Konstruksiyalar zavodunun cari istehsal vəziyyətini və potensial imkanlarını yüksək dəyərləndirib. O, zavodun örnək sayıla biləcək dərəcədə müasir, düzgün planlaşdırma ilə qurulmuş yüksək perspektivli bir müəssisə olduğunu vurğulayıb və zavodun istehsal etdiyi əksər məhsulların onlarda ciddi maraq doğurduğunu bildirib. Vitse-prezident nümayəndə heyətinin üzvlərinə bu baxımdan “Akkord Steel Construction Company” MMC ilə SOCAR arasında əməkdaşlıq imkanlarının dərindən araşdırılmasını tapşırıb. ARDNŞ rəsmisi “Akkord” rəhbərliyinə səmimi qəbul üçün təşəkkürünü bildirib.